
«Texnikabank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 450,1 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 27% çoxdur.
Hesabat ilində bankın kredit portfeli 28,4% artaraq 337,691 mln. manata, o cümlədən istehlak kreditləri 30,4% artaraq 64,356 mln. manata çatıb. Bankın məcmu kapitalı 39,7% artaraq 51,565 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 26,912 mln. manat olub.
Qeyd edək ki, bu müddət ərzində bankın gəlirləri 72,5% artaraq 73,779 mln. manat, xərcləri isə təxminən 2,1 dəfə artaraq 56,241 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 18,7% artaraq 17,538 mln. manata, xalis mənfəəti isə 20,7% artaraq 13,822 mln. manata çatıb.
Ötən il ərzində bankın ölkə iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi 9,4 dəfə artaraq 2,338 mln. manat təşkil edib. Xatırladaq ki, 2008-ci il ərzində bank tərəfindən dövlət büdcəsinə ödənilən vergilərin ümumi həcmi 19% artaraq 3,716 mln. manat olub.
Bundan başqa, ötən il ərzində bank əlavə 4 filial açıb, həmçinin 59 POS-terminal quraşdırıb.
Xatırladaq ki, «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 xidmət və 3 mübadilə şöbəsi fəaliyyət göstərir. Ötən il ərzində bankın işçilərinin sayı 20,2% artaraq bu ilin yanvar ayının 1-nə 577 nəfər təşkil edib.